2021/2022-Cİ TƏDRİS İLİNDƏ BİOLOGİYA FAKULTƏSİ TƏRƏFİNDƏN BAKI ŞƏHƏRİNİN ORTA MƏKTƏBLƏRİNDƏ KEÇİRİLƏN PEDAQOJİ TƏCRÜBƏ UĞURLA DAVAM EDİR
30/03/2022Pedaqoji təcrübə bakalavr təhsil pilləsində tədris planına görə VIII semestrdə yer alıb. İlk üç il ərzində ixtisas fənlərinin, pedaqogika və psixologiyanın əsaslarına yiyələnən bakalavr qazandıqları nəzəri bilik, metodik məlumatlar, pedaqoji və psixoloji dəyərlərlə praktik fəaliyyət meydanına qədəm basırlar. Pedaqoji təcrübə bütövlükdə təhsil müəssisəsi professor-müəllim heyətinin müəyyən mərhələ üzrə elmi-pedaqoji əməyinin nəticələrini aşkarlayacaq bir vasitədir. Üstəlik, pedaqoji təcrübə sabahın müəllim kadrlarının bu peşəyə layiqlilik dərəcəsi və səviyyəsini üzə çıxaracaq bir fəaliyyət sahəsidir, müəllim hazırlığı formalarından biridir.
Biologiya fakultəsində “Biologiya müəllimliyi” ixtisası üzrə pedaqoji təcrübə cari mart ayının 2-sində start götürüb və aprel ayının 26-sına qədər davam edəcəkdir. Pedaqoli təcrübəninin ilk günü 2 mart tarixində 445 saylı auditoriyada pedaqoji təcrübəyə aid təlim keçirildi. Təlimdə Biologiya fakultəsinin dekanı professor Afət Məmmədova, pedaqoji təcrübənin ümumi rəhbəri dosent Nəzakət Hüseynova və Pedaqogika kafedrasının müdiri, professor Ləzifə Qasımova çıxış edərək pedaqoji təcrübənin əhəmiyyəti, keçirilmə qaydaları haqqında məlumat verərək tələbələri təlimatlandırdılar. Təlimdə metodist müəllimlər dos.İradə Babayeva, müəllim Möhübbət Nəcəfli, dos.Nailə Abdullayeva habelə pedaqoq Kəmalə Qəhrəmanova, psixoloq Aysel Hacıyeva iştirak edirdi. Hər bir metodist müəllim, pedaqoq və psixoloq aidiyyatı üzrə tələbələrə təlimat verdilər.
Biologiya fakultəsində “Biologiya müəllimliyi” ixtisası üzrə pedaqoji təcrübəyə gedən tələbələrin təhkim olunduqları Yasamal rayonu: 53 saylı məktəb, Gənc İstedadlar liseyi, Nəsimi rayonu: 5, 8, 9, 42 saylı orta məktəblər üzrə bölgü aparıldı və tələbələr metodist-müəllimlərlə hərtərəfli tam məlumatlandırıldıqdan sonra məktəblərə yönləndirildilər. Orta məktəblə Universitet arasında ümumi razılıqdan sonra görüləcək işlərin planı tərtib edildi. Təcrübəçi-tələbənin gündəliyi, icmalı ilə metodist-müəllim və məktəbin fənn müəllimi tanış olub, onun təhkim olduğu sinifdə dərslərini dinləyir, həmin dərsin təhlilində iştirak edir. Eyni zamanda müəllim tələbənin məktəbin ictimai həyatında fəaliyyətini, onun şagirdlərlə apardığı işləri izləyərək peşəyə marağını aşkarlayır və tövsiyələr verir. Məktəb rəhbərliyi, pedaqoji rəhbər və metodist müəllim birliyinin Biologiya fakültəsinin təcrübəçi tələbələri ilə həyata keçirdiyi iş pedaqoji təcrübə iştirakçılarının formalaşmasında əhəmiyyətli rol oynayır. Hal-hazırda fakültənin 94 sayda IV kurs tələbəsi yuxarıda qeyd edilən məktəblərdə pedaqoji təcrübədə iştirak edir və dərsləri müasir tələblərə cavab verən səviyyədə aparırlar. Fakültənin təcrübəçi tələbələri dərslərə ciddi yanaşmaqla bərabər şagirdlərlə maraqlı tədbirlərin təşkilinə də nail olurlar. Təcrübə keçilən adı gedən məktəblərdə təcrübə dərsləri rəhbərlik tərəfindən qabaqcıl yanaşma imkanları kimi dəyərləndirilib məktəb foyesində stend kimi sənədləşdirilir. Təcrübəçi tələbələr məktəb müəllimlərinin tədris prosesini müşahidə etməklə müəyyən təcrübəyə və sosial-pedaqoji dəyərlərə yiyələnirlər.








