Biologiya Fakültəsi

20 Yanvar şəhidlərinin anım mərasimi təşkil olunub

17/01/2015

Bu gün Bakı Dövlət Universitetində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Tədbir iştirakçıları BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısına əkili qoyaraq, şəhidləri 1 dəqiqəlik sükutla yad ediblər.
Universitetin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrindən 25 il keçdiyini qeyd edərək bildirib ki, keçmiş Sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Rektor “20 Yanvar” faciəsinə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib.
Rektorun çıxışından məlum olub ki, Azərbaycan xalqının intellektual potensialının toplaşdığı Bakı Dövlət Universiteti də 20 Yanvarda şəhidlər veribdir: «Biz buna görə fəxr edirik. Hər il şəhidlərimizin əziz xatirəsini yad etmək üçün universitetimizin önündə ucaldılmış möhtəşəm abidə qarşısına toplaşırıq. Bu abidəni tələbələrimiz tez-tez ziyarət edir və onlar da şəhidlərimizlə fəxr edirlər. Gələcək nəsillər bu qəhrəmanları unutmayacaqlar.» deyə akademik öz çıxışında vurğulayıb.
Daha sonra müəllim və tələbələrdən çıxış edənlər də “20 Yanvar”la bağlı fikirlərini bölüşüblər.

Bookmark and Share