Biologiya Fakültəsi

23 sentyabr 2011-ci il tarixində Z.M.Məmmədovun doktorluq dissertasiya işinin müdafiəsi keçdi

26/09/2011

AMEA Botanika İnstitutunun nəzdində yaradılmış 23 sentyabr 2011-ci il tarixli iclasında, biologiya doktoru alimlik dərəcəsini almaq üçün Ziyəddin Mahmud oğlu Məmmədovun 03.00.14-Biokimya ixtisası üzrə «Alma meyvələrinin malatdehidrogenaza (dekarboksilləşdirici) və qlükozo-6-fosfatdehidrogenaza fermentləri» mövzusunda dissertasiya işinin müdafiəsi keçdi.

Dissertasiya işinin müzakirəsində  21 nəfərdən ibarət Dissertasiya Şurasının 16 üzvü, AMEA-nın müxbir üzvü N.M.Quliyev, b.e.d. İ.Ə.Şahmuradov, b.e.d., əməkdar elm xadimi prof. A.Ə.Quliyev, AMEA-nın müxbir üzvü, prof. İ. M.Hüseynova və Rusiya Federasiyasının EA-nın A.N.Bax adına Biokimya İnstitutunun aparıcı elmi işçisi b.e.d., prof. E.A.Bulantseva iştirak etmişlər.


Z.Məmmədovun tədqiqat obyektləri  iki alma meyvəsi -  Antonovka və Renet Simirenko sortları olmuşdur. Dissertasiyada istifadə olunan metodoloji yanaşma və onun əsasında əldə edilmiş eksperimental dəlillər yeni meyvə sortlarının alınması və onların yığımdan sonrakı dövrdə keyfiyyətli və uzunmüddətli saxlanılması metodları işlənib hazırlanmasında tətbiq oluna bilər.

Ziyəddin Mahmud oğlu Məmmədov 1952-ci ildə Gürcüstanın Marneuli şəhərində anadan olmuşdur, azərbaycanlıdır, 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirmiş, 1977-ci ildə SSRİ EA-nın A.N.Bax adına Biokimya İnstitutunda aspiranturanı başa vurmuş, 1978-ci ildən hal-hazıradək Biologiya fakültəsi Biokimya və biotexnologiya kafedrasında dosent vəzifəsində  fəaliyyət göstərir.

Z.M.Məmmədov Universitetdə işlədiyi müddət ərzində özünü intizamlı və daim öz üzərində işləyən müəllim kimi göstərmişdir. O, Biologiya fakültəsinin bakalavr və magistr pillələrində «Biokimya», «Molekulyar biologiya» və «İmmunologiya» fənlərindən mühazirələr oxuyur, bakalavrların buraxılış, magistrlərin isə dissertasiya işlərinə rəhbərlik edir.

Z.M.Məmmədov istedadlı və məhsuldar tədqiqatçıdır. O, «İmmunologyanın əsasları» adlı dərsliyin, 50-dən çox ölkə və xarici jurnallarında dərc olunmuş elmi məqalə və tezislərin müəllifidir. Kafedranın və fakültə kollektivinin böyük hörmətini qazanmışdır.

 

Bookmark and Share