Biologiya Fakültəsi

APREL DÖYÜŞLƏRİ - QƏHRƏMANLIQ TARİXÇƏMİZ

01/04/2019

1 aprel 2019-cu il tarixində Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Aprel döyüşləri-qəhrəmanlıq tarixçəmiz" adlı tədbir keçirilib. Tədbirin məqsədi vətənpərvərlik ruhunun biz - gənclərə də aşılanması və bu qəhrəmanlıq səlnaməsini Aprel döyüşləri iştirakçılarından dinləməkdən ibarət olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlamış, sonra isə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirin açılışını edən Biologiya fakültəsinin dekan müavini Musa Cabbarov gənc nəslin vətənpərvər ruhda böyüməsində bu kimi tədbirlərin əhəmiyyətindən bəhs etmiş, Kapitan Hikmət Məmmədov, Baş leytenant Röyal Əşrəfov, Leytenant Müzəffər Bahadırov, Gizir Səxavət Salmanov, Şərqşünaslıq fakültəsinin tələbəsi Heydər Pərvazlı və Coğrafiya fakültəsinin tələbəsi Ramil Əmiraslanovun timsalında bütün Aprel döyüşləri iştirakçılarına təşəkkürünü bildirmişdir.

Daha sonra isə Hikmət Məmmədov, Müzəffər Bahadırov, Heydər Pərvazlı və Ramil Əmiraslanov Aprel döyüşləri barədə çıxış etmiş, döyüşlər zamanı onlara qarşı göstərilmiş xalqımızın mənəvi dəstəyindəndən, inamından bəhs etmişlər. Tədbir zamanı Bitki fiziologiyası kafedrasının dosenti, M.Ə.Sabir fondunun rəhbəri Sevda Tahirli və Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Arifə Məmmədbəyova tədbir barəsində təəssüratlarını bölüşmüş, bir daha qəhrəmanlıqlarına görə iştirakçılara təşəkkürlərini bildirmişlər. Tədbir sonunda Biologiya fakültəsi tələbələri vətənpərvərlik mövzusunda mahnılar ifa etmişdir.
Sonda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Aprel döyüşləri iştirakçıları ilə görüşmüşdür.
Bir daha Aprel döyüşləri iştirakçılarına təşəkkür edir və vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik!



























Bookmark and Share