Biologiya Fakültəsi

Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etdi

04/10/2020

Düşmənin 1993-cü ilin avqustundan bəri işğalda saxladığı Cəbrayıl şəhəri və rayonun bir neçə kəndi oktyabrın 4-də şanlı Azərbaycan Ordusu tərəfindən azad olundu. Bu şad xəbəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev  özünün "Twitter" səhifəsində elan edib.

İranla sərhəddə, Araz çayı sahilində yerləşən Cəbrayıl rayonu strateji mövqeyə malikdir. Birinci Qarabağ müharibəsi zamanı düşmənə ciddi müqavimət göstərən rayon 400-ə yaxın şəhid verib, 177 nəfər əlil olub, 91 nəfər əsir və itkin düşüb. Cəbrayıl rayonundan 6 nəfər erməni işğalçılarına qarşı döyüşlərdə göstərdikləri igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Cəbrayılın ərazisi 1000 kvadratkilometrdən çoxdur. Rayonun 80 minlik əhalisi doğma yurd-yuvasından didərgin salınaraq Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıb.

İşğal edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayılda da Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irs talan edilib, saxtalaşdırılıb, yaxud dağıdılıb. Rayon ərazisində Araz çayı üzərində XI-XIII əsrlərdə inşa edilən dünya əhəmiyyətli Xudafərin körpü abidəsi, habelə Dağ Tumas kəndindəki XIII-XIV əsrlərə aid türbə, Cəbrayıl şəhərinin yaxınlığında orta əsrlərə aid qəbiristanlıq və digər abidələr vandalizmə məruz qalıb.

İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Cəbrayılda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Suriyadan olan ermənilər də daxil olmaqla, erməni əsilli şəxslərin həmin ərazilərdə məskunlaşdırılmasına cəhd göstərilib.

Dörd il əvvəl, 2016-cı ilin aprelində rayonun Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lələtəpə yüksəkliyinin işğaldan azad edildikdən və bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraiti təmin olunduqdan sonra Prezident İlham Əliyevin tapşırığı ilə burada müasir qəsəbə salınıb və yerli sakinlərin geri qayıtması təmin olunub.

Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı nəticəsində digər yaşayış məntəqələrimiz kimi, Cocuq Mərcanlı da düşmən tərəfindən artilleriya atəşinə tutulub. Evlər dağılıb, infrastruktura ciddi ziyan vurulub.

https://azertag.az/xeber/

Bookmark and Share