Azərbaycanda nərələrin akvakulturasının prioritet istiqamətləri
18/03/202118.03.2021-ci il tarixində Bakı Dövlət Universitetinin Biologiya fakultəsində "Azərbaycanda nərələrin akvakulturasının prioritet istiqamətləri" mövzusunda elmi seminar keçirilib. Seminarda Zoologiya və fiziologiya kafedrasının dosenti, b.e.n. Çingiz Məmmədov çıxış etdi. Seminarda Biologiya fakültəsinin Zoologiya və fiziologiya kafedrasının mediri vəzifəsini icra edən, b.e.n., dosent Validə Məmmədova, kafedranın müəllimləri - Nəzakət Məmmədova, Sevinc Məmmədova, Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən, b.e.d., professor Rövşən Xəlilov, Genetika kafedrasının dosenti, b.e.n. Samirə Salayeva, Biologiya fakültəsinin TEC-in üzvləri və magistrantları iştirak etdi. Məruzəçi Çingiz Məmmədov iştirakçıları salamlayaraq seçilmiş mövzu haqqında qısa məlumat verdi və mövzu ilə əlaqədar qısa metrajlı video materiallar təqdim etdi. Məruzədə Nərələrin akvakulturası sahəsində Azərbaycanda həyata keçirilən elmi-tədqiqatlar, əldə olunan yeni nailiyyətlər, balıqartırma zavodlarında və təsərrüfatlarında tətbiq olunan səmərəli texnologiyalar haqqında materiallar təqdim olundu. Nərələrdən öldürülmədən cinsiyyət məhsullarının alınması, balıqartırma təsərrüfatlarında nərələrin törədici sürülərinin formalaşdırılması, formalaşdırılmış törədici sürülərinin Ultra-səs diqanostikası üsulu ilə cinsiyyətinin və cinsi yetkinlik mərhələsinin təyin edilməsi istehsalat prosesində baş verən itkilərin aradan qaldırılmasına imkan verən yeni texnologiyaların tətbiqi və digər aktual məsələlər məruzəçinin çıxışında öz əksini tapdı. Çıxışın yekununda məruzəçi iştirakçıların çoxsaylı suallarını ətraflı cavablandırdılar.
