Biologiya Fakültəsi

Bakı Dövlət Universitetinin professoru Gratias Agit mükafatına layiq görülən ilk azərbaycanlıdır

14/12/2020

Bakı Dövlət Universitetinin mərhum professoru Akif Quliyev Çexiya Respublikasının Xarici İşlər Nazirliyinin Gratias Agit mükafatına layiq görülüb.
1997-ci ildən etibarən Çexiya Respublikasının Xarici İşlər Naziri tərəfindən verilən mükafata Çexiya Respublikası ilə beynəlxalq əlaqələrin yaradılmasında və inkişafında müstəsna xidmətləri olan şəxslər layiq görülür. Azərbaycandan ilk dəfə olaraq Biologiya fakültəsinin mərhum professoru, Əməkdar Elm Xadimi Akif Quliyev layiq görülüb.  2020-ci ilə qədər cəmi 347 nəfər sözügedən mükafatla təltif olunub. Bu il isə dünyanın 10 ölkəsindən nümayəndələr Gratias Agit mükafatına layiq görülüb.
Qeyd edək ki, Bakı Dövlət Universiteti və Çexiyanın Karlova Universiteti arasında əməkdaşlığın təməli Akif Quliyev tərəfindən 1972-ci ildə qoyulub. 2017-ci ildə Universitetlərarası əməkdaşlıq əlaqələrinin 45 illiyi həm Praqada, həm də Bakıda qeyd edilib və professor Akif Quliyev Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka  tərəfindən “Elm və tədqiqat sahəsində ikitərəfli əməkdaşlığın yaranması və inkişaf etdirilməsində əvəzsiz xidmətlərinə görə” Çexiya Respublikası Xarici İşlər Nazirliyinin Yan Masarik medalı ilə təltif edilib.
Akif Quliyev 19 iyul 2020-ci il tarixində vəfat etdiyi üçün mükafat Çexiya Respublikasının Azərbaycandakı səfirliyində onun qızlarına təqdim olunub.


Bookmark and Share