Biologiya Fakültəsi

BDU-da Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

07/10/2019

Bakı Dövlət Universiteti Biologiya fakültəsinin təşkilatçılığı ilə dedektiv yazar, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə görüş keçirilib.

Tədbirdə universitetin müəllim-tələbə heyəti və digər qonaqlar iştirak ediblər.Görüş iştirakçılarını salamlayan Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev universitetdə maarifləndirmə işinə xüsusi önəm verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların təşkil edildiyini söyləyib. A.Quliyev Xalq yazıçısı Çingiz Abdullayevin ən çox oxunan dedektiv yazarlardan biri olduğunu qeyd edərək, yazıçının zəngin ədəbi yaradıcılığa malik olduğunu xüsusi vurğulayıb. Bildirib ki, Ç.Abdullayevin əsərləri, nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkəsində böyük maraqla oxunur.

Xalq yazıçısı Çingiz Abdullayev yaradıcılığının əsas istiqamətləri barədə danışıb, müasir cəmiyyətimizi əhatə edən bir sıra məsələlərlə bağlı mülahizələrini diqqətə çatdırıb və uğur hekayəsini bölüşüb.Müasir ədəbiyyatın problemlərindən bəhs edən yazıçı ədəbiyyat-oxucu münasibətlərinin hazırkı vəziyyətini, perspektivlərini şərh edib, gənclərə klassik və müasir yazıçılarımızın əsərlərini, dünya ədəbiyyatını oxumağı məsləhət görüb. İnsanın şəxsiyyət kimi formalaşmasında təhsilin əhəmiyyətini vurğulayan yazıçı həm fərd, həm də dövlət kimi güclü olmanın tək yolunun keyfiyyətli təhsillə mümkün olduğunu bildirib. Xalq yazıçısı gənc nəslin intellektual səviyyəsinin yüksəlməsi üçün, müxtəlif dillərdə mütaliənin əhəmiyyətini də nəzərə çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqının zəngin mədəni irsinin təbliğ olunması, milli məsələlərimizin dünyaya olduğu kimi çatdırılması üçün xarici dilləri bilmək günümüzün vacib şərtlərindəndir.

Daha sonra Ç.Abdullayev tələbələrin çoxsaylı suallarını cavablandırıb, görüş iştirakçıları ilə fikir mübadiləsi aparıb.



Bookmark and Share