Biologiya Fakültəsi

Beynəlxalq Əlillər gününə həsr olunmuş tədbir

03/12/2019

BDU-nun Biologiya fakültəsində Beynəlxalq Əlillər gününə həsr olunmuş Azərbaycan Milli Ordusunun ilk snayperçi və kəşfiyyatçı xanımı, ehtiyatda olan zabiti Növrəstə Yusifova və onunla çiyin-çiyinə səngərləri bölüşən digər Azərbaycan qazilirə ilə görüş keçirilmişdir. Cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaq məqsədi ilə 1992-ci il oktyabrın 14-də BMT Baş Məclisi tərəfindən dekabr ayının 3-nün "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul olunmuşdur. Hər il dekabr ayının 3-də keçirilən Beynəlxalq Əlillər Günü, əlillərin ehtiyaclarını başa düşməyə və məhdud imkanlara malik olan insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli çəkmək, onlara hər bir sferada qayğını artırmaq, xüsusilə siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsini təmin etmək məqsədini daşıyır. Ölkəmizdə ilk dəfə  ümummilli lider Heydər Əliyev tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı geniş miqyaslı tədbirlərin keçirilməsinin əsası qoyulmuş, əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası, onların cəmiyyətə inteqrasiyası və sosial müdafiəsi haqqında dövlət proqramı hazırlanmış və Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmuşdur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri gənc nəslə düzgün çatdırmaq, onlarda Vətənə olan sevgini gücləndirmək, Azərbaycan Respublikasının bütövlüyü, azadlığı, müdafiəsi uğrunda canından keçməyə hazır olan qaziləri ilə tanışlığı təmin etmək məqsədi ilə Biologiya fakültəsinin dekanlığı tərəfindən   03.12.2019-cu il tarixində fakültənin professor-müəllim heyəti və tələbələri ilə atıcılıq idman növü üzrə 1974-cü ildə Azərbaycan çempionatının ikincisi, 1975-ci ildə birincisi olmuş,  Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvü, Azərbaycan Milli Ordusunun ilk snayperçi və kəşfiyyatçı xanımı, 1992-1994-cü illərdə Qarabağ müharibəsində Şuşa, Laçın, Tərtər, Ağdam, Ağdərə, Qubadlı, Zəngilan rayon və kəndlərinin müdafiəsində şücaətləri ilə seçilmiş, səngərlərdə döyüş əməliyyatlarında Ermənistan Silahlı Qüvvələrinə ciddi itkilər yaşatmış zabiti, II qrup Qarabağ müharibəsi əlili, Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri,  1952-ci il təvəllüdlü Növrəstə Ağakərim qızı Yusifova ilə görüş təşkil olunmuşdur.

Bu görüşdə tədbir iştirakçılarının diqqətinə, ilk olaraq, Azərbaycan qazilərinin döyüş şücaətlərinə həsr olunmuş, Geray Əlibəyovun ssenari müəllifliyi və Sirac Mustafayevin rejissorluğu ilə 2019-cu ildə lentə alınmış “Snayperçi – Qarabağda görüşənədək!” sənədli filmi təqdim edildi.  Film Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri gənc nəslə düzgün çatdırmaq, onlarda Vətənə olan sevgini gücləndirmək, Azərbaycan Respublikasının bütövlüyü, azadlığı, müdafiəsi uğrunda canından keçməyə hazır olan qaziləri və onların şücaətləri haqqında təsəvvürləri formalaşdırmaq məqsədini daşıyır.

Filmin nümayişindən sonra tələbələrlə görüşə gələn qonaqlar - Mehman Mustafayev (Şuşada qərargah rəisi), Qabil Əsədov (rota komandiri), qazilər - Elman Murtuzayev, Ramiz Məmmədzadə, İlkin Axundov, Saleh İsmayılov, Məmmədhəsən Həsənov, filmin ssenari müəllifi Gəray Əlibəyov, Vətəndaşların rifahı naminə ictimai birliyinin sədri İradə Rzazadə və Növrəstə Yusifova öz ürək sözlərini və arzularını gənc nəsil ilə bölüşdülər, xatirə şəkilləri çəkdirdilər.




















Bookmark and Share