Biologiya Fakültəsi

Biologiya fakültəsinin IV kurs tələbələri istehsalat təcrübəsi keçirlər

11/03/2021

Biologiya fakültəsində Biologiya ixtisası üzrə təhsil alan buraxılış kurs tələbələri fevralın 16-dan istehsalat təcrübəsində iştirak edirlər. Təcrübə AMEA-nın Molekulyar biologiya və biotexnologiyalar, Genetik Ehtiyatlar, akademik Abdulla Qarayev adına Fiziologiya, Mikrobiologiya, Biofizika İnstitutlarında, Su bioehtiyatları və akvabitkilər ixtisası üzrə təhsil alan tələbələr isə AMEA-nın Zoologiya İnstitutunda pandemiya şəraiti ilə əlaqədar qəbul edilmiş qaydalara riayət olunmaqla təşkil olunub.

Tələbələr təcrübə zamanı, DNT-nin ayrılması və tədqiqi metodlarına, PZR metodu, elektroforetik üsulla tədqiqatların aparılmasına dair praktik biliklərə yiyələnir, bitki biotexnologiyası üsulları, MS mühitinin makroelementlərinin hazırlanması ilə tanış olur, fitohormonlar - auksinlər, sitokinlərlə praktiki işin aparılmasında iştirak edirlər.

Təcrübə keçənlər əkin sahələrinin əkinə hazırlıq mərhələsi, növbəli əkin sxemi - rotasiya cədvəli haqqında məlumat əldə edir, tərəvəz bitkiləri və onların bir sıra xüsusiyyətlərə qruplaşdırması haqqında öyrənir, tərəvəzlərin açıq sahədə əkin forması ilə tanış olurlar. Açıq sahədə əkin zamanı diqqət edilməli mərhələləri, istixanadan açıq sahəyə köçürmə vaxtı, əlverişli şərait, yetişmə zamanı zərərvericilər və onlarla mübarizə üsulları  haqqında məlumat alırlar.

Tələbələr quşların bir sıra əlamətlərə görə seçilməsini öyrənir, morfoloji və fizioloji quruluşundakı fərqlərə görə təsnifləşdirməyi həyata keçirirlər, gəmiricilərin xromosomlarında olan fərqləri, ayrı-ayrı zonalara aid olan növlərin xromosomlardakı dəyişiklikləri haqqında məlumat əldə edirlər.

AMEA-nın alimləri apardıqları təcrübələrlə tələbələrə tanış edir, təcrübələrdə iştiraklarına şərait yaradırlar. İstehsalat təcrübəsi tələbələrin 3,5 il ərzində əldə etdikləri bilik və bacarıqların elmdə tətbiqinə yiyələnməsinə şərait yaradır, yüksək ixtisaslı elmi kadrların hazırlanmasına xidmət edir.



























Bookmark and Share