Biologiya Fakültəsi

Biologiya fakültəsinin professoru Rövşən Xəlilov ekspert seminarı keçirib

12/03/2021

Moskva Dövlət Pedaqoji Universitetinin Perspektiv Araşdırmalar İnstitutunun (RİAS) VI beynəlxalq elmi qrant proqramı çərçivəsində proqramın laureatı Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən, Ukrayna-Azərbaycan Beynəlxalq Nanobiotexnologiyalar və Funksional Nanosistemlər Elmi və Təhsil Mərkəzinin direktoru Rövşən Xəlilovun “Canlı sistemlərin ekoloji stres vəziyyətinin qiymətləndirilməsində elektron paramaqnit rezonans (EPR) spektroskopiya metodunun tətbiqi” mövzusunda onlayn elmi ekspert seminarı keçirilib.

Canlı sistemlərin ekoloji stres vəziyyətinin qiymətləndirilməsi zamanı elektron paramaqnit rezonansının (EPR) istifadəsində yeni metodların tətbiqi ilə bağlı olan tədqiqat layihəsi biomineralizasiya proseslərinin ümumi mexanizmlərini müəyyənləşdirmək məqsədilə bioloji sistemlərdə maqnit nanohissəciklərin əmələ gəlməsini təhlil edir, stres faktorları altında yaranan maqnit nanohissəciklərin tətbiqini təklif edir.

Professor R.Xəlilov 2019-cu ildə Moskva Dövlət Pedaqoji Universitetinin Perspektiv Araşdırmalar İnstitutunun tədqiqat layihələrinin maliyyələşdirilməsi üzrə beynəlxalq müsabiqəsində iştirak edib və Avropa, MDB və Rusiya Federasiyasından gələn 278 təklif arasından ilk beşliyə daxil olunub.

Qeyd etmək lazımdır ki, Moskva Dövlət Pedaqoji Universitetinin Perspektiv Araşdırmalar İnstitutu  tərəfindən hər il keçirilən beynəlxalq qrant müsabiqəsi proqramı Rusiya və xarici ölkələrdəki elmi ictimaiyyətin nümayəndələri üçün təsirli bir layihə platforması kimi qiymətləndirilir.



Bookmark and Share