Biologiya Fakültəsi

Biologiya fakültəsinin TEC-nin növbəti seminarı keçirildi

11/11/2011

10.11.2011 tarixində Biologiya fakültəsinin TEC-nin növbəti seminarı keçirildi. Seminarda bakalavr pilləsinin IV kurs tələbəsi İbrahimova Elvira şizofrenik xəstəliklər haqqında ətraflı məlumatlar verdi. Burada psixi pozğunluqların öyrənilmə tarixi, psixi xəstəliklərin klasifikasiyası, onların diaqnostikası, müalicəsi və bu xəstəliklərin öyrənilməsində tədqiqatçıların rastlaşdığı problemlərdən danışıldı. Belə ki, hətta müasir avadanlıqlarla psixi xəstəliklərin dəqiq diaqnostikası çox çətindir. Ümumiyyətlə, psixi xəstəliyi təyin etmək, psixi xəstə insanları sağlam insanlardan ayırmaq üçün dəqiq təyinedici yaradılmayıb. Burada əsas problem sağlam psixi halla xəstə psixi hal arasında keçidin çox kiçik olmasıdır. Bir çox hallarda sağlam insanlarda psixi pozğunluğa uyğun simptomlar müşahidə olunur. Lakin normal insanlarda bu simptomlar hər zaman özünü biruzə vermir. Psixi pozğunluqlar zamanı isə bu simptomlar həmişə, istənilən mühitdə özünü göstərə bilər. Xəstəliyin mövcudluğunu dəqiq təyin etmək üçün tədqiq olunan şəxsi uzun müddət, müxtəlif həyatı vəziyyətlərdə daima müşahidə aparmaq lazımdır. Bu isə bir çox hallarda dəqiq nəticə vermir, çünki kənar müdaxilələrin təbii prosesə təsiri, daimi və uzunmüddətli tədqiqatların aparılmasının mümkün olmaması və digər faktorların təsiri xəstəliyin diaqnostikasına neqativ təsir göstərə bilər.
Seminarda Biologiya fakültəsinin dekan müavinləri, professor və müəllim heyyəti, xaricdən gələn qonaqlar, magistrant və tələbələr iştirak etdilər. Sonda məruzəçi iştirakçıların çoxsaylı suallarını cavablandırdı. Eyni zamanda seçilmiş mövzu iştirakçılar arasında maraqlı diskusiyaya səbəb oldu.

Bookmark and Share