Biologiya Fakültəsi

Botanika kafedrasında Herbari fondunun açılışı olub

16/09/2014

15 sentyabr – Bilik günü münasibətilə rektor, akademik Abel Məhərrəmovun iştirakı ilə Herbari fondunun dünya standartlarına uyğun təmir edildikdən sonra təntənəli açılışı olub. Bu fondun herbariləri kafedra yaranandan (1920-ci ildən) Azərbaycan Respublikasının müxtəlif botaniki-coğrafi rayonlarından yığılmış materiallar əsasında hazırlanıb. Əsası akademik A.A.Qrossheym tərəfindən qoyulmuş bu fondda respublikanın heç bir universitet və elmi-tədqiqat institutunda rast gəlinməyən bitki növləri qorunur. Herbari fondunda həmçinin mənfur qonşularımız tərəfindən işğal olunmuş torpaqlarımızdan yığılmış, nadir və nəsli kəsilməkdə olan növlər qorunub saxlanılır. Əbəs yerə, bu fond respublika botanikləri tərəfindən «Qızıl fond» adlandırılmır.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə respublika ərazisində mövcud olan maddi və mədəni-irsi sərvətlərimiz xüsusi qorunur. Kafedrada mövcud olan «Qızıl fond»un da qorunması, dünyaya tanıdılması üçün universitet rəhbərliyinin xüsusi təşəbbüsü ilə həmin herbari fondu müasir tələblərə cavab verən formaya uyğun təmir edilib. Qarşıda duran vəzifə Herbari fondunda olan qədim herbari nüsxələrinin üzünün çıxarılması, Dünya Herbari Fonduna göndərilməsi və flora zənginliyinə görə dünyada seçilən doğma Azərbaycanımızı planetin bütün ölkələrinə tanıtmaqdan ibarətdir.



Bookmark and Share