Biologiya Fakültəsi

Çexiyanın Karlova Universitetinin əməkdaşları BDU-da

01/04/2019

Bakı Dövlət Universiteti ilə Çexiyanın Karlova Universiteti arasında səmərəli əməkdaşlıq əlaqələri davam edir.  Ötən illər ərzində BDU və Karlova Universitetinin yüzlərlə müəllim və tələbəsi təcrübə mübadiləsində iştirak edib, birgə konfrans və seminarlar keçirilib, elmi tədqiqat işləri aparılıb və alınan nəticələr impakt faktorlu jurnallarda dərc edilib. Hər il davamlı olaraq Karlova Universitetinin Təbiət elmləri fakültəsinin müəllim-tələbə heyəti flora və faunanı öyrənmək məqsədilə Azərbaycanın müxtəlif regionlarında, o cümlədən BDU-nun Qubadakı tədris-təcrübə və istirahət mərkəzində olur, eyni zamanda, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin əməkdaşları Karlova Universitetinin təbiət fakültəsində tədqiqatlar aparır, tədris prosesində iştirak edirlər.


Bu  il də əməkdaşlığın davamı olaraq Karlova Universitetinin Təbiət elmləri fakültəsinin dosenti Eva Landova və həmin fakültənin doktorantı Marketa Janovkova Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində Bakı Dövlər Universitetində tədqiqatlar aparmaq və Biologiya fakültəsində tədris prosesində iştirak etmək məqsədilə Bakıya gəliblər.


Eva Landova Biologiya ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrə "Heyvanların klassik etologiyası", "Heyvanların fəzada oriyentasiyası, naviqasiyası və miqrasiyası", "İlan və hörümçəklər insan üçün emosional əhəmiyyətli stimullar kimi: qorxu və iyrənc hissləri, emosional fizioloji və neyrobioloji sxem" mövzularına həsr olunmuş mühazirələr oxuyub, tələbələrlə diskussiyalar aparılıb.

Eyni zamanda Eva Landova və Marketa Janovkova Biologiya fakültəsinin tələbələri ilə birgə elmi-tədqiqat işi üzərində də çalışırlar.



Bookmark and Share