Biologiya Fakültəsi

Fakültənin birinci kurs tələbələri «Gələcəyimizin ciddi təhlükəsi-GMO» adlı seminar verdi

25/04/2016

Bakı Dövlət Universitetinin Fatimə Almuradova və Zərifə Baxşıyeva 23.04.2016 tarixində dosent Sevda Tahirlinin rəhbərliyi ilə "Gələcəyimizin ciddi təhlükəsi-GMO" adlı genetik modifikasiya olunmuş orqanizmlərlə bağlı seminar vermişdir. Universitetin Heydər Əliyev mərkəzində – kiçik akt zalında həyata keçirilmiş tədbirdə 70-ə qədər tələbə və müəllim heyəti iştirak etmişdir. Sadəcə biologiya fakültəsinin tələbələri deyil, digər fakültələrdən də tələbələr iştirak etmişlər. Müəllimlərdən biologiya fakültəsinin dekan müavini Səbinə Ömərova, bitki fiziologiyası kafedrasının dosenti Asim Baxşıyev, xarici dil müəlliməsi Sveta Məmmədova və bitki fiziologiyası kafedrasının dosenti Sevda Tahirli iştirak etmişdir. Tədbirdə genetik modifikasiya olunmuş orqanizmlərin faydaları, zərərləri, hansı tarixdən etibarən satışına icazə verilməsi haqqında geniş məlumat verilmişdir.
Seminarın sonunda dekan müavini Səbinə Ömərova və Sevda Tahirli çıxış etmişdir. Səbinə Ömərova öz çıxışında belə demişdir: "Mən tələbələri bu uğuruna görə təbrik edirəm. Onlar ilk dəfə bizə yaxınlaşıb belə bir təklifləri olduğunu dilə gətirəndə biz onlar birinci kurs tələbələridir, onların audiyoriya qarşısında çıxışları nə qədər uğurlu olar? – deyə düşünüb onlara çıxış üçün fakültə daxilində auditoriya otaqlarından birini verməyi təklif etdik. Lakin tələbələr təkidlə çıxışı universitet səviyyəsində etmək istədiklərini bildirdilər. Mən indi onlara haqq verirəm. Çünki, məruzənin bu qədər uğurlu olacağını biz düşünməzdik. Onlara gələcək işlərində uğur diləyir və bu gözəl çıxışa görə onları bir daha təbdik edirəm".
Dosent Sevda Tahirli isə seminar ilə bağlı fikirlərini belə dilə gətirmişdir: "Bu, Fatimə və Zərifənin ilk addımları idi və ilk addım üçün onlar bu gün çox mükəmməl idilər. Siz hazırda aysberqin suyun üzərində olan hissəsini gördünüz, suyun altında qalan hisəssini isə sadəcə biz üç nəfər bilirik. Bu çıxışın hər bir sözü xüsusi olaraq seçilmişdir, hazırlanmışdır. 23 aprel tarixində həm fakültəmizin həyatına, həm də tələbələrin həyatına gözəl bir anlam qatdılar. Mən bu iki tələbəni təbrik edirəm, çünki onlar bu çətin mövzunu maraqlı bir şəkildə təqdim etdilər və mən inanıram ki, bu uğur onları daha da irəliyə aparacaqdır".



Bookmark and Share