Biologiya Fakültəsi

İlin alimi

09/04/2021

İlin alimi, təbrik edirik. Uğurlarınız davamlı olsun!

Rövşən  Xəlilov – Biofizika və Biokimya kafedrasının müdiri vəzifəsini icra edən professor, fizika-riyaziyyat elmləri doktoru, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin  Fizika fakültəsinin məzunu, L.A. Blümenfeld-biofizika məktəbinin yetirməsi, ilk Azərbaycan biofiziklərindən biri, beynəlxalq elm aləmində özünəməxsus yeri olan məşhur  alim  2021-ci ilin 27 Mart tarixində Bakı Dövlət Universitetində Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş,   təbiət və texnika elmləri üzrə  “İlin alimi - 2020” müsabiqəsinin ən yüksək 5380 bal ilə qalibi olmuşdur. Onun “İlin alimi” kimi mötəbər bir zirvəyə yüksəlməsinin əsas səbəbi yüksək təfəkkürü, elmə olan vurğunluğu, işgüzarlığı, təşkilatçılığı, yerli və beynəlxalq nüfuzlu alimlərlə elmi əməkdaşlığı və biofizika elmində öz dəsti-xətti olmasıdır.

Rövşən müəllim elmin zirvəsinə gedən yolda keçən əsrin 70-ci illərində yeni yaranan biofizika elminin ən cəlbedici sahəsi olan fotosintez prosesinin sirlərini araşdırmaqla ilk addımlarını atmışdır. Fotosintez prosesinin o dövrdə Elektron Paramaqnit Rezonans üsulu ilə tədqiqi Blümenfeld-biofiziklər məktəbinin son 50 ildə bu sahədə əldə etdiyi elmi kəşflərin əsasını qoymuşdu. Bu kəşflərdə Rövşən Xəlilovun özünəməxsus payı olmuşdur. Öz elmi-pedaqoji fəaliyyətini Bakı Dövlət Universitetində Biofizika və Molekulyar biologiya kafedrasında davam etdirən Rövşən Xəlilov keçən əsrin 80-ci illərindən başlayaraq biofizika, membranologiya, bitki fiziologiyası, son illərdə nanobiofizika, nanobiotexnologiya elm sahələrində sanballı, fundamental elmi tədqiqat işləri yerinə yetirmişdir.

Professor Rövşən Xəlilov hələ sovetlər dövründə “Biofizika”, “Membranologiya”, “Bitki fiziologiyası”, “SSRİ Elmlər Akademiyasının Məruzələri” kimi yüksək nüfuzlu jurnallarda elmi işlərinin nəticələrini nəşr etdirmişdi. Onun II Fotosintez  reaksiya mərkəzindən aldığı EPR siqnalları, Azərbaycanın ilk biofiziklərindən olan İ.S.Əhmədov ilə birlikdə aşkar etdiyi bitki hüceyrə membranlarında UB – şüaların təsiri zamanı yaranan binar reaksiyalar, plazmatik membranda H-ATFaza ilə paralel fəaliyyət göstərən redoks ion pompası və fototənəffüsün təbiətinə aid tədqiqatların nəticələri onun elmi fəaliyyətinin bir hissəsidir. Son illər professor Rövşən Xəlilov nanobiotexnologiya sahəsində yeni, son dərəcə vacib bir sahənin, nanohissəciklərin canlı sistemlərdə endogen formalaşmasının, biominerallaşma kimi tanınan bu prosesin təbiəti, onun stress vəziyyətlə əlaqəsi və nanobiotexnologiyanın tibbə tətbiqinə həsr olunmuş tədqiqat işləri ilə məşğul olur.

Onun bu elmi istiqaməti Almaniyanın, Rusiyanın, Türkiyənin, İranın, Ukraynanın, Polşanın və digər dünya alimlərinin diqqətini cəlb etmişdir və onlar Rövşən Xəlilovla elmi əməkdaşlığa böyük maraq və həvəs göstərirlər. Bu beynəlxalq əməkdaşlıq sayəsində onların elmi nəticələri yüksə impakt faktorlu Web of Science jurnallarında müvəffəqiyyətlə mütamadi olaraq nəşr olunur. Buna misal olaraq, son vaxtlar impakt faktoru 60 – a qədər olan “Lanset” jurnalında Rövşən Xəlilov da daxil olmaqla beynəlxalq nüfuzlu alimlərin məqalələrinin nəşr olunmasını göstərmək olar. Bu elmi işlər son bir ildə Rövşən Xəlilovun həmmüəllifliyi ilə 18 məqalənin Beynəlxalq Web of ScienceScopus bazasına daxil olan jurnallarda nəşr olunması ilə nəticələnmişdir. Onun bu elmi nailiyyətləri Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş, təbiət və texnika elmləri üzrə  2020-ci il üçün “İlin alimi” müsabiqəsinin qalibi olmasına zəmin yaratmışdır.

Nailiyyətləriniz bol olsun, Rövşən müəllim!

Bakı Dövlət Universitetinin,

Nanoaraşdırmalar elmi mərkəzinin,

Aparıcı elmi işçisi, dosent                             İsmət Əhmədov

Bookmark and Share