Biologiya Fakültəsi

İLİN ALİMİ

14/07/2021

CANLI SİSTEMLƏRDƏ YENİ HADİSƏ – “ANOMAL MAQNİT XASSƏLƏR”

Radiasiya amillərinin bitkilərə təsirini Elektron Paramaqnit Rezonans (EPR) spektroskopiyası metodu ilə tədqiq edən zaman prof. Rövşən Xəlilov,  əməkdaşı dosent Aygün Nəsibova ilə birlikdə ilk dəfə olaraq geniş EPR siqnalını (g=2,32; ΔH=320 Qs) aşkar etmiş  və həmin siqnalın temperaturdan aslılığını və relaksasiya xüsusiyyətlərini öyrənmişdir. Tədqiqat nəticələri 2011-ci ildə beynəlxalq “Biofizika” jurnalında dərc edilmiş və dünya alimləri arasında böyük marağa səbəb olmuşdur.

Aparılan sonraki araşdırmalarda R.İ.Xəlilov stress zamanı canlı sistemlərdə yeni paramaqnit mərkəzlər aşkar etmiş və ilk dəfə olaraq onların dəmir oksidi maqnit nanohissəciklərinə mənsub olduğunu, biogen mənşəli maqnit nanohissəciklərinin (maqnetit və magemit) generasiyasını müəyyən etmiş və stress zamanı canlı sistemlərdə anomal maqnit xassələrini yaranması mexanizmini aydınlaşdırmışdır.

Prof. R.İ.Xəlilov biominerallaşma proseslərinin fundamental mexanizmlərini tədqiq etmiş, bioloji və model biomimmetik sistemlərdə nanofazalı maqnit dəmir oksidlərinin yaranması hadisəsini və onların həyat fəaliyyəti  proseslərindəki rolunu öyrənmişdir.

R.I.Xəlilov və həmkarları tərəfindən canlı sistemlərə radiasiyanın və digər stres amillərin təsirinin tədqiqi zamanı ali bitkilərdə və digər bioloji sistemlərdə nanofazalı dəmir oksidi maqnit hissəciklərinin biogen generasiyası hadisəsi ilə bağlı mühüm nəticələr əldə edilmişdir. Stress amillərin təsiri zamanı (qamma radiasiya, ultrabənövşəyi şüalanma, temperatur, müxtəlif ətraf mühit çirklənmələri və s.) canlı sistemlərdə anomal maqnit hadisələrini müşahidə etmişdir.

Prof. R.İ.Xəlilov hal-hazırda alınmış nəticələrin ilkin diaqnostika və müalicə məqsədi ilə nanotibdə tətbiqi üzərində ciddi işləyir. Bioloji sistemlərdə dəmir oksidi maqnit nanohissəciklərinin formalaşmasının tədqiqi onların tibdə tətbiqinin öyrənilməsi üçün vacibdir: diaqnostikanın yeni effektiv vasitələrinin işlənilməsi və dərmanların ünvanlı çatdırılması üçün və s.

Aldığı nəticələri tədqiqatçı-alim Messbauer və Keçirici Elektron Mikroskopu (KEM) metodları ilə təsdiq edə bilmişdir.

Prof. R.İ. Xəlilov ən yüksək bal ilə (5380) Bakı Dövlət Universitetinin keçirdiyi ilin alimi - müsabiqəsinin qalibi olmuşdur (2020). Beynəlxalq Universitetlərin aparıcı alimləri ilə daim elmi əməkdaşlıq edən Rövşən Xəlilovun  nüfuzlu jurnallarda 100-ə qədər məqalələri dərc edilmişdir: “The Lancet” – İF 60,3; “Nature medicine” – İF 53,4; "Nano Today" – İF 16,582; “Bioelectrochemistry” – İF 4,7; “Microorganisms” – İF 4,152; “Artificial cells, nanomedicine, and biotechnology” - IF 3,026; “Drug development and industrial pharmacy” - IF 1,9; “International Journal of Biological Macromolecules” - IF 3,9; “Experimental oncology” - IF 1,24; “Molecular biology” – İF 2,266 və s.

Bookmark and Share