Biologiya Fakültəsi

Mikrobiologiya kafedrasının dissertantı Aygün İsrayılova “Gənclər üçün Prezident mükafat”ına layiq görülüb

08/02/2017

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənərək “Gənclər üçün Prezident mükafatı” na layiq görülənlər arasında Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dissertantı və ingilis bölməsinin müəllimi Aygün İsrayılova da var.
2014-cü ildə Mikrobiologiya ixtisası üzrə, mikrobiologiya kafedrasının dissertanturasına qəbul olan Aygün İsrayılova həmin il ERASMUS MUNDUS Beynəlxalq proqramı çərçivəsində TEMPO layihəsinin qalibi olub və iki il İtaliyanın Pavia Universitetində “Yeni antimikrob xassəli maddələrin tədqiqi” adlı dissertasiya mövzusunu molekulyar səviyyədə yerinə yetirib. Bu layihə çərçivəsində BDU-nun Üzvi kimya kafedrasında yeni sintez olunmuş maddələrin antimikrob xassələrini öyrənib, aparılan tədqiqatlar nəticəsində patogen bakteriya və göbələklərə qarşı yüksək antimikrob təsir göstərən maddə tapıb, bu ixtiraya görə ilkin müsbət rəy alınıb.
A.İsrayılova elmi fəaliyyəti ilə bağlı təhsil aldığı dövrlərdə müxtəlif yerli və beynəlxalq konfranslarda məruzə ilə çıxış edib, təlim kurslarında aktivlik göstərib. Elmi əsərlərindən üçü Tomson Reuters, Science Direct, Scopus bazasına daxil olan nəşriyyatların jurnallarında çap olunub və bir elmi ixtirasına müsbət rəy alıb. 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun “Mobillik - 3” qrantının qalibi olduqdan sonra həmin lahiyə çərçivəsində Kimyəvi Texnologiyalar İnstitutunda “Bakteriya kulturalarının molekulyar-genetik metodla identifikasiyası” mövzusunda təcrübə keçib.

Bookmark and Share