RÖVŞƏN XƏLİLOV - 70
14/03/2022Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən İbrahimxəlil oğlu Xəlilovun 70 yaşı tamam olur.
R.Xəlilov 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuş, 1972-ci ildən təhsilini Moskva Dövlət Universitetinin fizika fakültəsində davam etdirmiş və 1976-cı ildə bu Universiteti bitirmişdir. Rövşən Xəlilov 1979-cu ildə biofizika ixtisası üzrə MDU-da namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır və elə həmin il Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) yenicə yaradılmış Biofizika və molekulyar biologiya kafedrasına təyinat almışdır. R.İ. Xəlilov 1992-ci ilin martında Moskvada D N170.01.01 ixtisaslaşdırılmış müdafiə şurasında “Ultrabənövşəyi şüaların ali bitki hüceyrə membranlarına təsir mexanizmi” mövzusunda ekologiya və biofizika ixtisasları üzrə doktorluq dissertasiyası müdafiə edərək Rusiya Ali Attestasiya Komitəsi tərəfindən 1992-ci ilin may ayında fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. O 1994-cü ildə professor elmi adını almışdır.
Hal-hazırda R.İ. Xəlilov biofizika, radioekologiya, nanobiotexnologiya və ekoloji biofizika sahəsində maraqlı elmi-tədqiqat işləri aparır, müxtəlif fiziki-kimyəvi metodların köməyi ilə bəzi amillərin (ultrabənövşəyi və qamma radiasiya) canlı sistemələrə təsirinin molekulyar mexanizmini öyrənir. Prof. R.İ.Xəlilov bitki nümunələrində biogen mənşəli kristallik nanohissəciklərin stress amillərin təsiri altında generasiya olunmasını aşkar etmiş və müəyyən etmişdir ki, müəyyən dozada ionlaşdırıcı qamma radiasiya bitkilərdə dəmir oksidi maqnit nanohissəciklərinin yaranmasına stimullaşdırıcı təsir göstərir.
R.İ. Xəlilov 400-dən artıq elmi əsərin, 3 monoqrafiyanın, ali məktəblər üçün 2 dərsliyin müəllifidir. Alimin aldığı elmi nəticələr Web of Science, Clarivate analytics və SCOPUS elmmetrik bazalarına daxil olan bir çox nüfuzlu jurnallarda (The Lancet - İF 79.321; JAMA oncology – İF 31.777; Nature Medicine – İF 30,641; Journal Biosensors and Bioelectronics – İF 9.518; Journal TrAC Trends in Analytical Chemistry – İF 8.428 və s.) dərc olunub və AMEA-nın mühüm nəticələrində öz əksini tapmışdır.
Onun rəhbərliyi altında 10-a yaxın aspirant namizədlik dissertasiyalarını müdafiə ediblər, o, həmçinin, 3 elmlər doktoru hazırlamışdır.
R.Xəlilov 2021-ci ilin 27 mart tarixində Bakı Dövlət Universitetində Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş, təbiət və texnika elmləri üzrə “İlin alimi - 2020” müsabiqəsinin ən yüksək bal ilə qalibi olmuşdur.
Professor Rövşən Xəlilovun elmi məlumat bazalarındakı göstəricilərinə (mart, 2022) nəzər salaq:
- “Researchgate”: RG Score – 37,17, h-indeks – 27, əsərlərinə istinadların sayı – 3339;
- “Google Scholar”: h-indeks – 28, i10 – indeks – 50, əsərlərinə istinadların ümumi sayı – 4266;
- “ORCİD”: h-indeks – 23, əsərlərinə istinadların sayı – 2631;
- “PUBLONS”: h-indeks – 19, əsərlərinə istinadların sayı – 1723;
R.Xəlilov bir sıra elmi şuraların və Dissertasiya şuralarının üzvü olmuşdur. Hal-hazırda o, AMEA – nın Radiasiya Problemləri İnstitutunun Elmi şurasının və Dissertasiya şurasının üzvüdür. Bundan başqa prof. R.I.Xəlilov bir çox elmi jurnalların redaksiya heyətinin üzvüdür (Biomedical Nanotexhnology, Almaniyada dərc olunan Beynəlxalq “Deutscher Wissenschaftsherold German Science Herald” jurnalı və “Advances in Biology and Earth Sciences” jurnalı).
Rövşən Xəlilovu yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı və elmdə yeni uğurlar arzulayırıq.
