Biologiya Fakültəsi

Xanlar Abdullayev-80

07/05/2021

Xanlar Dayyan oğlu Abdullayev 1941-ci ilin may ayının 7-də Neftçala rayonunda anadan olmuşdur. 1958-ci ildə orta məktəbi Neftçala rayonunda bitirmişdir. 1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsində təhsil almışdır. 1965-1968-ci illərdə ADU-nun (BDU) Bitki fiziologiyası kafedrasının Biofizika ixtisası üzrə aspirantı olmuşdur.

1971-ci ildə “Мühit duzluluğunun bitkilərdə çox zəif bioxemilüminessensiyanın intensivliyinə təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və biologiya elmləri namizədi elmi dərəcəsi almışdır.

2008-ci ildə “Stress amillərə qarşı hüceyrə sisteminin davamlığının biofiziki cəhətləri (spontan və induksiya olunmuş lüminessensiyanın tədqiqi əsasında)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və biofizika ixtisası üzrə  biologiya elmləri doktoru elmi dərəcəsi almışdır.

Əmək fəaliyyətinə 1969-cı ildə Biologiya fakültəsinin nəzdində olan ETL-də elmi işçi kimi başlamış, 1977-ci ildə yeni yaradılan Biofizika və molekulyar kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır. 2010-cu ildə professor elmi adı almışdır. 1993-2011-ci illərdə kafedra müdiri olmuşdur. 2011-2018-ci illərdə kafedranın professoru vəzifəsində çalışmışdır. Uzun illər BDU-nun Tədris-Metodiki Şurasının üzvi olmuşdur.

Azərbaycanda sərbəst radikal mexanizmi ilə baş verən bioxemilüminessensiya hadisəsinin ilk tədqiqatçılarındandır.  X.Abdullayev 200-ə yaxın elmi əsərin müəllifidir. O, 6 nəfər elmlər namizədinə (fəlsəfə doktoru) rəhbərlik etmişdir. “Biofizika” dərsliyinin, bir neçə dərs vəsaitinin, metodik göstərişin və proqramın müəllifidir.

X.Abdullayevin səmərəli elmi-pedaqoji fəaliyyəti Təhsil Nazirliyi və Universitet rəhbərliyi tərəfindən Fəxri fərmanlarla qiymətləndirilmişdir.

X.Abdullayev 2018-ci ildə vəfat etmişdir. Onun xatirəsi Universitet kollektivi tərəfindən daim xatırlanır və böyük hörmət ehtiramla yad edilir.

Bookmark and Share