Biologiya Fakültəsi

Xarici ekspertlər Biologiya fakültəsində olublar

18/12/2015

“Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” adlı TVINNINQ layihəsi çərçivəsində Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzinin vitse-prezidenti Helka Kekalain, Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olması üzrə Agentliyin prezidenti Heli Mattis Bakı Dövlət Universitetində olublar.
Qonaqlar Təhsil Nazirliyinin nümayəndələri - Rafiq Novruzov, Əfqan Abdullayev və İlham Hümbətovla birlikdə kimya və biologiya fakültələrinin maddi-texniki bazası və laboratoriyaları ilə tanış olub, təhsil pillələri və fakültələrin beynəlxalq əlaqələri ilə maraqlanıb, yerli və beynəlxalq müsabiqələrdə əldə edilmiş nailiyyətlər haqqında məlumat əldə ediblər.
Görüşdə universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə də iştirak edib.
Xatırladaq ki, bir neçə gün əvvəl TVINNINQ layihəsi çərçivəsində Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə BDU-da tədbir keçirilmişdi. İki il müddəti olan TVİNNİNQ layihəsinin fəaliyyət planı keyfiyyətin artırılması üzrə Boloniya prosesinə uyğun olaraq ali təhsil sahəsində islahatların aparılması, ali təhsil müəssisələri üçün akkreditasiya sisteminin təkmilləşdirilməsi, Avropa İttifaqı və Azərbaycan arasında siyasi dialoq və getdikcə artmaqda olan beynəlxalq əməkdaşlıq və mobillik məsələlərini əhatə edir.

Bookmark and Share