Biologiya Fakültəsi

Zemfira Komaçkova - 80

31/08/2021

Zemfira Komaçkova - 80

 

Zemfira Qurbanəli qızı Komaçkova 27 avqust 1941-ci ildə anadan olmuşdur. 1958-ci ildə Bakı şəhəri 175 saylı məktəbi bitirmişdir. 1958-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsində təhsil almışdır. 1965-1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin Genetika və darvinizm kafedrasının aspiranturasında təhsilini davam etdirmişdir. 1972-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1985-ci ildə dosent elmi adı almışdır.

Tədqiqat sahəsi nərə sürfələrinin hipotalamus-hipofizar neyroendokrin sisteminin, hipofizin tireotrop hüceyrələrinin və qalxanabənzər vəzinin morfo-funksional xüsusiyyətlərinin tədqiqinə həsr olunmuşdur.

Z.Komaçkova əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Histologiya kafedrasında başlamışdır.

1964-cu ildən Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Genetika kafedrasında çalışır.

Z.Komaçkova kafedranın dərs yükünə uyğun olaraq “Histologiya”, “Fərdi inkişafın biologiyası”, Fərdi inkişafın genetikası”, “Sitologiya”, “Biologiyanın tədris metodikası”, “Ümumi təhsil kurrikulumunun əsasları” fənlərini tədris edir.

O, eyni zamanda uzun müddət BDU-nun nəzdində olan “Gənc istedadlar liseyində” biologiya fənninin tədrisi ilə məşğul olmuşdur.

Zemfira Komaçkovanın elmi və pedaqoji fəaliyyəti, gənc nəslin təlim-tərbiyyəsindəki xidmətləri müəllim və tələbələr tərəfindən həmişə hörmət və ehtiramla qarşılanmışdır. “BDU-nun 100 illiyi” yubiley medalı ilə təltif edilmişdir.

Biologiya fakültəsinin kollektivi Genetika kafedrasının dosenti Zemfira Qurbanəli qızı Komaçkovanı 80 illik yubileyi münasibətilə təbrik edir, möhkəm can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayır.

Bookmark and Share